Pərəstişkarları Mayklın qəbrini ziyarət edə biləcək
İyunun 25-də dünyanın pop kralı olmuş mərhum müğənni Maykl Ceksonun ölümünün ildönümüdür. "Spinner"in məlumatına görə, pop kralının dəfn olunduğu Los-Ancelesin Forest Lavn qəbiristanlığı onun pərəstişkarlarının ziyarəti üçün açıq saxlanılacaq.
Məşhur müğənninin pərəstişkarlarının onun məzarını ziyarət edə biləcəyinə dair məlumatları yerli hakimiyyət strukturları da təsdiqləyiblər. İnsanların çoxluğunu nəzərə alan polis isə qəbiristanlıqda xüsusi mühafizəni xeyli gücləndirəcək. Qeyd edək ki, 2009-cu ilin 25 iyununda vəfat etmiş Mayklın cənazəsi yaxınlarının uzun müddət mübahisəsindən sonra sentyabrda məhz bu qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimindən bir müddət sonra isə Mayklın cəsədi qapalı mavzoleyə aparılıb. Orada onun qəbrini yalnız qohumları ziyarət edə bilər.
İyunun 26-da isə Mayklın ailə üzvləri onun anım gecəsini keçirməyi düşünür. Mərasim Beverli Hillzdəki "Hilton" otelində təşkil olunacaq. Təşkilatçılar vurğulayıblar ki, mərasimdə Mayklın yaxınları, müğənni həmkarları və onun sadə pərəstişkarları iştirak edəcəklər.
Onu da bildirək ki, Mayklın cənazəsinin xüsusi qapalı mavzoleydə saxlanılması təhlükəsizlik tədbirləri ilə əlaqələndirilir. Belə ki, Maykl vəfat edəndən bir müddət sonra onun nəşinin qəbiristanlıqdan oğurlana biləcəyinə dair ehtimallar irəli sürüldü. Bunu nəzərə alan qohumları isə Mayklın məhz qapalı mavzoleydə dəfn edilməsini məqsədəuyğun hesab ediblər. Onu da bildirək ki, məşhur müğənni ölümündən sonra da yaxınlarına milyonlarla dollar qazandırmaqda davam edir. //Həftə İçi
Oxunub: 155 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax