08-09-2010
|
29-06-2010 Zülfiyyə Xanbabayeva: "Hərdən yoldaşım deyir ki, yenə getdin ey..."
"Həyat yemək-içməkdən, keyf etməkdən ibarət deyil" - Zülfiyyə Xanbabayeva, 1967-ci il oktyabrın 16-da Bakıda doğulmuşam. Ailəliyəm, bir qızım var. Böyük qardaşım məndən 20, bacım isə 10 yaş məndən böyükdür. Ən kiçikləri mənəm. Çox sadə ailədə böyümüşəm… - Balaca Zülfiyyənin böyüdüyü evə səyahətə gedək… - Atam - anam dünyanın ən gözəl valideynləri olub! Atam bu yaxınlarda rəhmətə gedib. Yadımdadır, mən uşaq olanda, atam piano çalardı, anam oxuyardı, mən də oynayardım. Atam əvvəl İncəsənət Universitetində oxuyurdu, lakin babamın təkidiylə oranı atıb. Neft Akademiyasına daxil oldu. Anam bir müddət məktəbdə çalışıb. Çox sadə, ancaq mehriban, böyük-kiçiyə hörmət etməyi öyrədən bir ailədən çıxmışam. Anam atamdan fərqli hökmlü qadın olub. Onun bir yumruğu var idi! Ailəmiz çox böyükdü. Bayramlarda bir yerə yığışanda, kənardan adam lazım deyil. Maşallah, qardaşımın 3 uşağı, 4 nəvəsi, bacımın 2 uşağı, yoldaşı var, bir də mən öz ailəmlə. Anam bizi bir yumruq kimi bir yerə yığır. Kaş ki atam Dənizi çox görərdi… - Arzularınız çoxdur? - Allahın verdiyi hər nemətə şükür edirəm. Həyat bir mübarizədir. Amma arzularım naminə kimisə və ya nəyisə tapdalaya-tapdalaya getməmişəm. Arzularıma çatmaq üçün nəfsimi boğmuşam. Nəfsimi boğmağı bacaran insanam. Bu, hansısa arzumun həyata keçməsinə mane olub, ancaq gec olub - güc olub! İndi arzularım balamla bağlıdır. - Həyatda istədiyinizə nə dərəcədə nail ola bilmisiniz? - Pilləkənləri tez çıxarsan, tez də yumbalanıb aşağı düşərsən. Yavaş-yavaş çıxmalısan. Səbir lazımdı. Yavaş-yavaş nail olmuşam. Tək olmamışam. Səbirli olmuşuq. Büdrədiyim zamanlar olub, depressiyaya düşmüşəm. Dostlar, doğmalarım qolumdan tutub qaldırıblar. İnsanın belə gözəl-göyçək balası olsa, maşallah, depressiyaya düşüb içinə qapanmağa ixtiyarı yoxdu! Tez toparlayıram özümü. Hərdən yoldaşım deyir ki, yenə getdin ey... - Yaşamağın məqsədi nədir? - Həyat yemək-içməkdən, keyf etməkdən ibarət deyil. Yaxşılıq etmək lazımdır, heç olmasa bir sözlə. Bir söz də yaranı sağalda bilər. Yaxşı mənada iz qoymaq lazımdır. İnsanları incitməyə nə var, bir söz deyərsən, ox kimi batar. Hünərin var, insanları sevindir. - Özünüzü xoşbəxt hesab edirsinizmi? - İnsanın ətrafında doğmaları olanda bundan böyük xoşbəxtlik ola bilməz! Qurban olum Allaha, mənə Dənizimin də xoşbəxtliyini göstərdi. Əlbəttə, problemimiz də var. Allah şeytanı qarşımıza çıxarmasın, əsas odur. Qalan şeylər düzələndir. - Ən böyük günahınız… - Günahsız insan yoxdur. Ata-ananın qədrini həmişə bilməlisən. Heç kimin toyuğuna daş atmamışam. Amma yenə də deyirəm, günahlarım var. Məncə, ən böyük günah fala baxdırmaq, cadu-pitilərlə məşğul olmaqdır. Anam həmişə deyirdi ki, fala baxdırsanız, bəxtinizi bağlayarsınız. Kim yanımda baxdırırdı, durub oradan gedirdim. Günah odur, anadan, atadan, övladından imtina edəsən. Kin-küdurətli olasan, yalan danışasan. Kiçik yalan da danışsam, mənə sonra baha başa gəlir. - Dənizi çox istəyirsiniz? - Həmişə fikirləşirdim, qızım olsa, adını Dəniz qoyacağam. Səadət adlı rəfiqəm var idi, dənizi çox sevərdi. Məni aparırdı bulvara, deyirdi, bax buradan dənizə, gör nə gözəldir! Mən çox romantik deyildim. Deyirdim, e-e, Səadət, saatlarla dənizə baxırsan, burada gözəl nə var? Sudur da… Zaman keçdikcə dənizin gözəlliyini anladım, hətta fırtınalı vaxtlarında belə o mənim xoşuma gəlir. Dəniz sonsuzdur. Qızıma da deyirəm, səni dəniz qədər çox istəyirəm! Dəniz danışa bilir, insanlara şeir yazdırır, mahnı bəstələtdirir, suallara cavab verir. - Xoşbəxt ailə necə olmalıdır? - Hər şeyin duzu olanda, istiotu da olur. Olur da, iki insanın boğazından bir-birinin sözü keçmir. Əsas qarşılıqlı anlayışdır. Sevgini qorumaq lazımdır. Adiləşdirməsən, gedəcək illərlə. Düzdür, bu çox çətindir. Qadından çox şey asılıdır. Mən bunun öhdəsindən yaxşı gəlirəm. Qadınlar yaxşı mənada hiyləgər olmalıdır. Dır-dır-dır olmasın. Sözü də yeritməyin yolu var. - Zülfiyyə xanım, əsasən, qapalı geyinən bir xanımdır… - Hər şey yerli-yerində olmalıdır. Kompleksə uyğun geyinmək lazımdır. Qadın sirli xəzinədir, o, müəmmalı olmalıdır. Bir qadın ki özünü oxutdurdu, açdı bütün səhifələrini… Onu yavaş-yavaş oxumaq lazımdır. Yoxsa aç qoy ortalığa. Ümumiyyətlə, zövqsüzlük var; məsələn, qartalın caynaqlarına bənzəyən uzun dırnaqlar. Qəşəng görünmür də. Deyirlər, hər şey Hollivuddan gəlir. Görün, Hollivudda qartal dırnağı var? Orada görə bilərsiniz ki, bir qadının dodaqları sallansın? İstərdim, plastik əməliyyat etdirim, amma qorxuram birdən narkozdan durmaram, iraq olsun! Vaxt gələndə edəcəyəm. Amma yerli-yerində. Bu saçlar nə qədər uzanar? Bu qaşlar nə qədər qalxar? Bütün dünya geyindi artıq. Bizimkilər isə qıra-qıra gedirlər. - Yoldaşınızın ailəsi ilə münasibətiniz necədir? - Qayınanam rəhmətə gedib, qayınatam isə yaşayır. Gediş-gəlişimiz var. Yoldaşımın gözəl ailəsi var. Ümumiyyətlə, gəlin-qayınana, gəlin-baldız söhbətlərini başa düşmürəm. Bizim də gəlinimiz var, bir ailə kimiyik. Su girdi qaba, oldu içməli. Biz anamdan belə görmüşük. - Tez-tezmi dua edirsiniz? - Yatmamışdan əvvəl, sübh çağında və s. vaxtlarda dua edirəm. Saflıq gəlir adama, Quran oxunan zaman rahat olursan. Evimdə Quranı Dənizin otağında qoymuşam. Məncə, ən saf yer Dənizin otağıdır. Yadımdadır, nənəm namaz qılarkən əyilib-qalxanda mən də uşaq idim, onunla bir yerdə əyilib-qalxırdım. Onun da gülməyi gəlirdi. Nənəmin canamazı indiyə qədər məndədir. Allahı mən o qədər başımın üstündə hiss edirəm. Başıma bir iş gələndə, əlimi açıb demişəm, keç günahımdan, yəqin, nəyisə düz etməmişəm. Fikirləşirəm, yəqin, düzgün iş görməmişəm ki belə oldu. Deyirəm, lazım bilərsənsə, keç günahımdan. Ziyarətə gedəndə də, yadıma gəlmir Allaha deyim: filan arzumu yerinə yetir. Anamdan, nənələrimdən bu sözü öyrənmişəm: cəmi-cümləyə cansağlığı ver, içində də biz. - Kimə həsəd aparırsınız? - Çox yaşlı insanlara. O yaşlı ər-arvada ki bir-birlərinə sevgi göstərirlər. Çox təsirlənirəm. Allah mənə də o günləri nəsib etsin! Əsəbləri sakit olan insanlara həsəd aparıram, dünya-aləm veclərinə deyil. Mən çox emosionalam. Hər şeyi ürəyimə salıram. Bəlkə də bu, məsuliyyətimdən, insanlara qayğımdan irəli gəlir. - Dənizə bacı-qardaş istəmirsiniz? - Allaha qurban olum, zaman göstərər. - Zülfiyyə xanım ev işləriylə məşğul olurmu? - Oluram. Anam bizi dünyaya gətirəndə müğənni gətirməmişdi ki… Hər şeyi öyrətmişdi. Bir də olur, elə iş görürəm ki, heç kim qarşımda dayana bilmir. Qızımın dayəsi var. Dəniz dünyaya gələndən sonra əlimin duzu olub nəsə! Qadın istəsə, hər şeyə vaxt tapar. Anam iş görməyi, xörək bişirməyi xoşlamırdı. Amma çox qəribədir, bacım ideal yeməklər bişirir, çox təmizkardır. Məndə isə ən əsası odur ki hər şey səliqəli, qaydasında olsun. Dolabımda asılan asılqanların hamısı bir tərəfə baxmalıdır. Təmizkarlıq içdən gəlməlidir. Mən o qadınlardan deyiləm e, ipək xalatda gəzib-dolanım evdə. Azadlığı xoşlayıram, bunu evdə də hiss etmək istəyirəm. - Küsülü olduğunuz adam varmı? - Etinasız yanaşdıqlarım var. Şeytan-meytan adamlardan yolumu dəyişdirə bilərəm. Küsməyi sevmirəm ki barışım. Elə insan var, onun haqda eşitmək belə istəmirəm. Anama oxşamışam, dediyim kimi, o çox hökmlü qadındır. Anamın o yumruğu mənə keçəcək, deyəsən. Hər adamın evinə gedib-gəlmərəm, hər kəsi də evimə dəvət etmərəm. Mənim burada ailəm var. Bu mənim ocağımdır. Pis adam ocağıma gələ bilməz. Pis auralı insanlardan qaçıram. Bir də görürsən, yanında insan oturub, səni tər basır. A-a, mənə nə olub? Sənə heç nə demir də. Amma özündən gedirsən. - Zülfiyyə xanım, şirin söhbətə görə, bizi qonaqpərvərliklə evinizdə qəbul etdiyinizə görə minnətdarlığımızı bildiririk. Allah ailənizi, Dəniz balanızı qorusun! "Karvan" jurnalı Oxunub: 547 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|















































